“Azər Türk Bank” ASC-də Məsuliyyətli Kreditləşmə Siyasəti


1. Ümumi müddəalar

1.1 “Azər-Türk Bank” ASC-də Məsuliyyətli Kreditləşmə Siyasəti (bundan sonra Siyasət) “Azər-Türk Bank” ASC-nin Pərakəndə sahəsi üzrə məsuliyyətli kreditləşmənin ümumi prinsip, məqsəd və prosedurlarını müəyyən edir.
1.2 Bu Siyasətin məqsədi Bankda istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı mövcud imkan və şəraitin nəzərə alınması, borcalanların borclanma, maliyyə, şəxsi məsuliyyət və digər göstəricilərini təhlil etməklə sağlam kredit portfelinin formalaşdırılması, Bankın maliyyə sabitliyinin qorunub saxlanması, ona olan ictimai etimadın yüksəldilməsi, Bankın müştərilərinin həddən artıq borclanmasının qarşısının alınması, borcalanlarda məsuliyyətli borclanma vərdişlərinin aşılanması, maliyyə savadlılığının artırılması, həmçinin gələcəkdə müştəri məmnuniyyətinin pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir.

2. Borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi mexanizmi

2.1 Hər bir kredit müraciəti ilə bağlı kredit rəsmiləşdirilməzdən əvvəl ilk növbədə borcalanın ödəmə qabiliyyəti müəyyən olunur.
2.2 Ödəmə qabiliyyətinin müəyyən edilməsi borcalan barədə məlumatların toplanması və qiymətləndirməsi vasitəsilə həyata keçirilir. Məlumatın toplanması və qiymətləndirilməsi borcalan barədə həm maliyyə vəziyyəti ilə, həm də maliyyə vəziyyəti ilə əlaqədar olmayan amillərinin ayrı-ayrılıqda və kompleks halda təhlilini nəzərdə tutur.
2.3 Borcalanın maliyyə vəziyyəti ilə bağlı amillərinə aiddir:
2.3.1 Gəlirin məbləği və mənbəyi – borcalanın müvafiq sənədlərlə (əməkhaqqı barədə iş yerindən arayış, xərclər çıxıldıqdan sonra qalan gəlirləri təsdiq edən vergi bəyannaməsi, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə orqanları tərəfindən verilən pensiya və müavinətlərin ödənilməsi haqqında arayışı və sabit gəlirləri təsdiq edən digər sənədlər) təsdiq olunmuş aylıq gəlirləri, həmçinin Bankda mövcud depozit hesabları üzrə faiz gəlirləri;
2.3.2 Öhdəlik və xərcləri – borcalanın MKR məlumatlarına əsasən ümumi və aylıq borc yükü məbləği;
2.3.3 Kredit məhsulunun əldə edilməsi ehtiyacı və məqsədi;
Gələcəkdə borcalanın maliyyə vəziyyətinə təsir edəcək gözlənilən əhəmiyyətli dəyişikliklər – hər bir gəlir mənbələrinin daimilik və sabitlik durumunun öyrənilməsi, mövsümi və ya müvəqqəti xarakter daşıyan gəlir mənbələrinin kredit öhdəliyinin qüvvədə olma dövrü ərzində yarada biləcəyi kənarlaşmaların müəyyən edilməsi.
2.4 Borcalanın maliyyə vəziyyəti ilə əlaqədar olmayan amillərə aiddir:
2.4.1 Borcalanın şəxsi keyfiyyətləri – dürüstlük, etibarlılıq, məsuliyyətli yanaşma və s. göstəricilər;
2.4.2 Kredit tarixçəsi – MKR məlumatına əsasən əvvəllər bu və ya digər kredit təşkilatlarından əldə edilmiş kredit öhdəliklərin vaxtı-vaxtında və tam icra edilməsi;
2.4.3 Ailə vəziyyəti və öhdəliyində olan şəxslər;
Hal-hazırki yaşayış yeri və orada yaşama müddəti.

3. Kreditin təyinata uyğunluğunun qiymətləndirilməsi

3.1 Kredit eksperti kreditin rəsmiləşdirilməsindən əvvəl borcalandan əldə etmək istədiyi kreditin məqsədi, təyinatı, məbləği, müddəti və ona daha uyğun olan kreditin geri ödənilməsi forması barədə məlumat alır.
3.2 Kreditin təyinata uyğunsuzluğu aşkar olunarsa, mümkün olan hallarda səbəbləri izah edilməklə daha uyğun kredit növləri təklif olunur. Əks təqdirdə uyğunsuzluğu yaradan amillər, krediti götürməklə yarana biləcək mümkün risklər borcalana izah olunur və uyğunsuzluğun aradan qaldırılması üçün mümkün şəraitlər olduğu halda müvafiq istiqamət verilir.

4. Qiymətləndirmənin nəticəsinin borcalana açıqlanması

4.1 Qiymətləndirmənin nəticəsindən asılı olaraq kreditin rəsmiləşdirilməsinə dair müraciət ilə bağlı müsbət və ya mənfi qərar verilə bilər.
4.2 Kredit mürəciəti ilə bağlı müsbət qərar verildikdə borcalan aşağıdakı məlumatlar verilir:
4.2.1 Kredit müqaviləsi ilə müəyyən olunan hüquq və vəzifələr;
4.2.2 Kredit üzrə faiz və komission haqqlar;
4.2.3 Kredit öhdəliyinin vaxtında icra olunmasının üstünlükləri və vaxtında icra olunmayan öhdəliklərə görə nəzərdə tutulan sanksiyalar;
4.2.4 Kreditin vaxtından əvvəl qaytarılması şərtləri və üstünlükləri;
4.2.5 Əlavə xidmətlərə (əgər varsa) qoşulma imkanları, onlara görə komissiyaların məbləği və onlardan imtina etmə yolları.
4.3 Kredit müraciətinə mənfi qərar verildiyi təqdirdə borcalana imtinanın səbəbləri izah olunur və mümkün olduğu hallarda bu səbəblərin aradan qaldırılması üçün borcalanın ata biləcəyi addımlar barəsində məlumat verilir.
4.4 Kredit rəsmiləşdirilməsi üçün müraciət etmiş şəxslərə kredit verilməsindən imtina edildikdə, Bank sifarişi təqdim edən şəxsin müraciətini imtinanın səbəbini göstərməklə yazılı, elektron, sms məlumatlandırma formasında cavablandırır.

5. Müştəri məmnuniyyətinin təmin edilməsi

5.1 Bank müsbət iş tarixçəsinə malik olan məsuliyyətli borcalanın (müştərinin) krediti üzrə komission haqq və faiz dərəcəsini mümkün olan ən aşağı həddə təyin edir.
5.2 Bank müştərini gecikmə barədə gecikmə günündən etibarən 3 iş günü ərzində (SMS, telefon zəngi və s.) məlumatlandırır.
5.3 Bank müştəriyə onun maliyyə ehtiyaclarına ən uyğun olan məhsul və ya xidməti təklif edir, kredit müraciətləri zamanı müştərinin ehtiyacı olan məbləğdən daha yüksək məbləğ təklif etməkdən yayınır.
5.4 Bank kreditin ödənişi zamanı yaranan texniki problemlərə (səhv hesaba ödəniş, köçürülən vəsaitin vaxtında çatmaması və s.) həssas yanaşır, Banka məlumat daxil olduqdan sonra xüsusi işçi qrupu tərəfindən araşdırılır, mümkün maliyyə itkiləri və gecikmə günləri (əgər varsa) güzəşt edilərək kredit tarixçəsi bərpa edilir.
5.5 Bank müştərilərin bank sirri təşkil edən məlumatlarının təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür və bank sirrinə təminat verir.

6. Maraqlar münaqişəsinin qarşısının alınması

6.1 Kredit məhsulunun marketinqi, anderraytinqi və kreditə xidmət prosesində maraqlar münaqişəsinin qarşısını almaq məqsədilə daxili nəzarət sistemləri daim nəzərdən keçirilməlidir.
6.2 Maraqlar münaqişəsi müxtəlif funksiya və/və ya fəaliyyət növlərindən yaranacağı hallarda bu cür funksiya və/və ya fəaliyyət növlərinin müstəqilliyi təmin olunmalıdır (məsələn, marketinq və kreditin qiymətləndirilməsi).

7. Qeyri-məqbul halların qarşısının alınması

7.1 Bank müştərilərdən daxil olan istənilən sual, təklif və şikayəti “945 Məlumat Mərkəzi”, www.azerturkbank.az korparativ saytı, www.facebook.com/azerturkbank sosial şəbəkə səhifəsi və Bankın filiallarında yerləşən şikayət və təkliflər qutusu vasitəsilə qəbul edir.
7.2 Bank müştərilərin ödəniş terminalları, bankomatlar, digər texnoloji qurğular və internet banking xidmətindən istifadə zamanı informasiya təhlükəsizliyini bütün mümkün müasir vasitələrin imkanlarından istifadə edərək təmin edir.

Currency Converter